Kitaplık

ƏDƏBİYYATIN UNUDULMAZ “VARİSİ”-Ülviyyə ƏBÜLFƏZQIZI

 

ƏDƏBİYYATIN UNUDULMAZ “VARİSİ”

Ülviyyə ƏBÜLFƏZQIZI

Bir obraz haqqında danışmaq üçün mütləq o obrazın iştirak etdiyi əsəri oxumalısan. Bəs o obraz əsərdə deyilsə, həm də özü əsərlər yaradırsa, qəlblərə öz imzası naxış salırsa…

Cürət edib bir əsər haqqında sadəcə öz fikirlərimi yazmaq istədim. Çünki o obraz haqqında bir çox tanınmış yazarların bənzərsiz fikirləri var. Ədəbiyyatımızda unudulmaz imzalardan olan İsmayıl Şıxlı onun haqqında belə söyləmişdir:

“Ədəbiyyatımıza “Varis” gəlir. Mən onun gələcəyinə böyük inam bəsləyirəm.”

Bəli,  sevimli yazar, əməkdar jurnalist Varis Yolçuyevin  “Son məktub” romanı haqqında fikirlərimi bölüşmək istəyirəm.

Varis Yolçuyevin yaradıcılığı haqqında günlərlə danışsaq belə, cümlələrimiz bitməz- tükənməz.

İlk olaraq onun haqqında qısa məlumat verməyi özümə borc bilirəm, çünki Ədəbiyyat adlı dəryada  “Varis” yaradıcılığından mən də qidalanıram.

Varis Yolçuyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının  “Gecə kanalı” proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. On səkkiz kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı “Sonuncu ölən ümidlərdir “2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq”, 2010-cu ildə “Sənə inanıram”, 2011-ci ildə “Yetmiş yeddinci gün” , 2012-ci ildə “Əzilmiş fotoşəkillər”, 2013-cü ildə isə “ Yol ayrıcında azıb qalanlar” adlı növbəti kitabları işıq üzü görüb.

“Qırmızı ləçəklər”  romanı azərbaycanlı Əlif Hacıyevlə belarus Qalina Mankonun Xocalı soyqırımı nəticəsində yarımçıq qalmış gerçək bir sevgi hekayətibdən bəhs edir.

Yazarın hər bir romanı böyük rəğbətlə qarşılanmışdır.

Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub.

Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers – WOW) onlayn keçirilən iclasında Azərbaycan yazıçısı Varis Yolçiyev qurumun 5 bölməsindən birinin Türk dövlətləri və Türk dilli xalqlar bölməsinin katibi seçilib.

Varis Yolçuyev sadəqəlbli insan olduğu üçün aldığı mükafatları, titulları daha saymaq istəmirəm.

Uşaq yaşlarından kitaba olan həvəsi sevimli yazarımızı heç vaxt tərk etmədi. 3 otaqlı evin 1 otağı Varis Yolçuyev üçün möhtəşəm xəzinə idi, çünki kitabla dolu idi. Özünün söylədiyi kimi uşaq ikən onlardan oyuncaq kimi istifadə edirmiş. Əlbəttə ki, Varis Yolçuyevin daxilində bəslənən kitaba məhəbbət elə uşaq yaşda özünü göstərəcəkdir və göstərdi də.

5- 6 yaşlarında öz uşaq təxəyyülünə uyğun kitab yazıb üstünə də  “Varisin kitabı” yazmaq hələ sevimli yazarın gələcəkdəki uğurlarının müjdəçisi idi. Bəli, elə bu kitab baharı xəbər verən qaranquş kimi müjdəçi idi.

2-6 yaşında olan uşaqlar qorxu və əsəb impulslarını idarə edərək emosiyalarını nizamlaya bilirlər. Misal olaraq 2 yaşında olan uşaq təpiklə zərbələr endirir, qışqırır, agressiv rəftarlar ortaya qoyur. Bu uşaq 5 yaşına gəldiyi zaman isə əsəblərini daha yaxşı necə idarə etməyi və emosiyaları konstruktiv nizamlamağı bacarır. Eynilə 2 yaşlı uşaq valideyinlərinin və ya dayələrinin qucağından düşmək istəmirlərsə, onlar 5-6 yaşa çatdıqları zaman daha az qorxurlar və sərbəst hərəkət edirlər.

İnkişaf üzrə ekspertlər bu yaşlarda olan uşaqlarda sosyal fəaliyyət bacarıqlarının inkişaf etdiyini vurğulayır. 5 Yaşa qədər olan uşaqlar uğurlu şəkildə qrup fəaliyyətlərində iştirak edir, həmyaşıdları ilə mübahisələr yaşayır, özlərinə oyun yoldaşı seçirlər.

Varis Yolçuyevin bütün romanları yaddaşlarda öz izini buraxmışdır, lap qarda aydın görünən ayaq izləri təki.

Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə – öz müəllifi haqqında həqiqəti söyləyir. (Çesterton)

Biz Varis Yolçuyevin romanlarının qəhrəmanlarını sanki canlı tanıyırıq, ünsiyyət qururuq, doğmalaşırıq. Bu da müəllifin ustadlığının göstəricisidir. Romanlardan bilmədiyimiz informasiyaları almaq vaxtımızı daha səmərəli keçməsinə xidmət edir. Hələ poeziya ilə Varis Yolçuyev öz oxucularını daha da həyəcanlandırır.

Nəsrdə poeziya xörəyin duzu kimidir. (Rəsul Həmzətov)

Varis Yolçuyevin yaradıcılığında “ədviyyatlar” öz qədərində romanları daha da unudulmaz etməyə xidmət edir.

“Son məktub” romanı uğursuz taleyinə baş əyib vətənini tərk etmiş bir qadının həyatından bəhs edir. Hadisələri İstanbul şəhərində cərəyan  edən bu romanda bir qadının çəkdiyi iztirabların, ağrıların onun ruhunda yaratdığı mənzərələri müəllifin anlaşıqlı dilindən öyrənirik:

“Həmişə özümü uçuşu təxirə salınan təyyarənin pilotu kimi hiss etmişəm. Amma indi uçuşu ləvğ edilən təyyarənin pilotu kimiyəm…”

Müəllif bəy olsa da,  iztirablı həyat keçirən xanımın psixologiyasını, daxili dünyasını elə aydın və yanında imiş kimi təsvir edir ki, lap buna məəttəl qalırıq.

Romanı oxuyarkən ifadələrin təsir gücü ilığımıza qədər işləyir və düşündürür:

“İnsan səhnədə rol oynayarkən xeyli məşq edir, sözlərini, mimikasını, hərəkətlərini əzbərləyir. Nəyisə düz eləmədimi, təkrar cəhd şansı olur.

Əfsus ki, həyat səhnəsində məşqlərə imkan verilmir…”

Ustadın sətiraltı tövsiyyələri, məsləhətləri onun müdrik düşüncələrindən irəli gəlir:

“Həyatın bir mərhələsində biz qarşımıza çıxan hər kəsdən xeyir götürmək istəyirik. Amma müəyyən zaman kəsiyində – artıq yaşlanmış, dünyanı dərk etmiş halda isə qarşımıza çıxan kəslərdən yalnız ziyan çəkməməyi arzulayırıq…”

Əsərdə yer alan Yunus Xocanın  baş obraz- Nailə ilə diaoloqunda iç dünyasının zəngin olduğununun şahidi oluruq. O, “Hədisül- Qüds”-dən maraqlı fikirlər söyləyir: “Hörmətdən uca sevgi yoxdur, itaətdən güclü havadar yoxdur. Səbirdən üstün uğur yoxdur, ağıldan üstün zinət yoxdur…”

Ayağının birini itirdikdən sonra özünü hər şeydən məhrum edib tənhalığa qucaq açır. Kitab yazmaq ən böyük təsəllisi olur və o kitabı yazıb bitirəndən sonra elə ömür kitabını da sona çatdırır. Əsərdə Nailənin evlərinə sığındığı Ayişə ablanı, qızı Özləmi də qonaqpərvər, xeyirxah biriləri kimi tanıyırıq.

Nailə bu evdə mehribanlıq qayğı görsə də, yaşadığı ağrıları, sevgisini unuda bilmir.

Roman ilk cümlələrindən son cümlələrinə kimi həyəcanda saxlamağı başarmışdır.

Sevgi haqqında yazılan gözəl cümlələr oxucuları təsirləndirməkdə çox məharətlidir:

“Ürəyin səthi müxtəlif cürdür. Hamar yerləri, yüksəklik və çökəklikləri var. Sevgi gələndə gəlişindən asılı olaraq bu müxtəlifliklərin birində yerləşir. İş ondadır ki, çökəkliyə, onun dərinliklərinə düşən sevgini sonradan oradan çıxarmaq mümkünsüzlüyə çevrilir.”

Nailənin: “Bir günah törədib min savabla belə onu yuya bilməyəcəyim qorxusuyla yaşayanlardanam.” söyləməsi yaşadığı faciənin ağırlığından xəbər verir. Düşdüyü çirkabı, törətdiyi qətli unuda bilmir, əsas da hər kəsdən çox sevdiyi İlqarını.

İlqarla unudulmaz günlər keçirtsə də, bu çılğın sevgi ayrılıqla əvəz olunmuşdur. İlqar imkanı yaxşı olan və Nailənin həyatını məhv edənlər sırasında birinci duran Abbas Şeyxzadənin qızı Səidə ilə ailə həyatı qurmuşdur. Səidə isə elə Nailənin sinif yoldaşı olmuşdur. Romandakı:

“Sevgi heç vaxt öldürməz. Ancaq əzib, tapdalayıb şikəst edər.” ifadəsi Nailə obrazının simasında sevgi ağrısı ilə qovrulan hər kəs üçün söylənilmişdir.

Bəzən saniyələri unuduruq. Anlamırıq ki, elə xoşbəxtlik anlarla ölçülür, xoşbəxtlik daimi ola bilmir. Müəllif bu məqama da gözəl yanaşmışdır: “Qəribədir, biz saniyələri heç vaxt ciddiyə almayaraq dəqiqələri, saatları izləyirik. Amma düşünmürük ki, dəqiqə və saat anlayışı, əslində, bir formallıqdır. Dəqiqə və saat çox və lap çox saniyə deməkdir.

Əsərdə müxtəlif hadisələrə müəllifin öz baxış bucağından xüsusi yanaşması var.

Ölüm sosial statusundan asılı olmayaraq hamı üçün var və “Hər kəs ölüm şərbətini mütləq dadacaqdır.”

Varis Yolçuyev bu ifadəni özünəməxsus üslubla oxucusuna belə çatdırır:

“Müxtəlif ölçülü və təyinatlı gəmilər müxtəlif cür üzür, amma iraq olsun batanda eyni cür batır.

Yəni, ölçüsündən, sürətindən, bahalığından asılı olmayaraq, ölüm hamısını eyni cür haqlayır.”

Romanda yadda qalan obrazlardan biri də Araz obrazıdır. Araz çox sevdiyi həyat yoldaşını itirmişdir. Təsadüf nəticəsində Nailə ilə tanış olmuş və ona qarşı hissləri oyanmışdır. Arazın 3 övladı vardı, Nailənin başına gələnləri bilsə də, onu öz həyat yoldaşı kimi qəbul etməyə belə hazırdır. Amma Nailə yaşadığı o bataqlığı, çirkabı unuda bilmir.

O, anasına, bacı- qardaşına evin böyüyü olmuşdur, bütün ailənin yükünü öz çiyinlərinə götürmüşdür. Arzusu tanınmış modelyer olsa da, cinayət törədib həbsxanaya düşmüşdür, bəli, onun vücuduna ilk çirkabı yaraşdıran Abbas Şeyxzadəni bir neçə bıçaq zərbəsi ilə qətlə yetirmişdir, bir müddət həbsxanada qaldıqdan sonra azadlığa buraxılmışdır.

Sevdiyi İlqar Səidə ilə evlənəndən sonra Nailə intiqam hissi ilə yaşayırdı.

İlqarın övladlarını və Səidənin sağalmaz xəstə olduğunu biləndən sonra intiqam planını unutmuşdur.

Sonralar Səidə vəfat etmiş, İlqar isə narkotikə qurşanmış və həbs edilmişdir.

Nailə İstanbulda olsa da, öz anası və İlqarın övladlarına gizli yardım etmişdir.

Hər zaman xatirələrlə yaşamışdır:

“Bəzən özün bir fəsildə olursan, xatirən başqa fəsildə… Necə ki, payız bizi soyuqlara hazırlamaq üçündür, eləcə də bahar bizi istilərə hazırlayır.

O mənim bütün xoşbəxt xatirələrimdə bahardadır.”

İstanbul Nailə üçün çox doğmadır, hətta dayana bilməyib turistlərə bələdçilik də etməyi sevir. Tanış olduğu Qloriya onun üçün unudulmazlar siyahısına yazılır. Romanda bir çox tarixi məsələlərə də toxunulmuşdur. Xocalı soyqırımı zamanı erməni vandallarının törətdiyi vəhşiliklər də romanda ürəkağrıdan səhnə kimi yaddaşımıza yazılır. Xocalı faciəsi Naziləni Orucundan ömürlük ayırır. Nazilənin gözü qarşısında doğmaları ölür, Oruc al qana bulanır. Nazilə gəlinlik paltarını qucağına alıb qaçanlara qoşulmuşdu, o donu indi də saxlayır, həm acı, həm də xoşbəxt günlərinin xatirəsi kimi…

Elə bu romandan bir təsirli cümləni xatırladım:

“İnsan itirə- itirə və tapa- tapa yaşayan bir varlıqdır. Tapdıqları itirdiklərindən çox olanda özünə xoşbəxt adı qoyur. Amma çox vaxt bu əksinə olur…”

Ayşe abla ilə Özlem; Nailəyə Araz bəyə hə deməsi üçün çox can atırlar, amma Nailə bildirir ki, Araz bəy, öz həyatdan köçmiş yoldaşını hələ də sevir, axı o özü də hələ İlqarı sevirdi. Müəllif sevgi ilə bağlı  yenə də öz qələmi ilə sözləri sehrli qəlibə salır: “Kibrit çöpünü yandırıb meşəyə atırsan, kibrit çöpü özü qısa bədəni ilə yanıb qara külə dönür. Bir anlıq yanıb kül olan kibrit çöpü nəhayətsiz meşənin günlərlə, hətta bəzən aylarla yanmasına səbəb olur.

Bax sevgi də həmin kibrit çöpüdür. Alışıb yanır, tezcə də öz ömrünü başa vurub kül olur. Amma alovu həmin meşənin yerində olan insanın ürəyinə keçib aylarla, illərlə, ta ki ömrünün sonunadək, kül olanadək onu yandırır…”

Romanda İstanbul şəhərinə Sultan Süleyman dövründən bu günədək bələdçilik edilir, eləcə də ölkədə dini tolerantlığın hökm sürməsi, Quzey Qıbrısın ixtilaf mənbəyinə çevrilməsi səbəbləri yer alır, Türkiyə balet sənətinin tarixinə toxunulur.

Sevgi iliyinə işləyibsə, çətin onu unudasan, Nailə illər ərzində “taleyini cırmaqlasa” da İlqarı unuda bilmədi, xəyali övladlarına ad verib onları əzizlədi.

Ayrılıq asan deyildi, müəllif ayrılıq haqqında unudulmaz ifadələr söyləmişdir: “Payızın rəngi sanki ayrılığın rəngi ilə eynidir: qısa, beş- on günlük ayrılıqlar açıq rəngdə olur. Uzun ayrılıqlar nisbətən tünddür. Əbədi ayrılıqlar isə lap tünd rəngdədir, qaraya çalır…”

Romanda maddiyyat üzərində qurulan ailələrə də yazıçı öz fikrini bildirib. Bildirir ki, belə ailələrdə insani münasibətlər və sevgi həmişə arxa plana keçir.

İlqarla Səidənin ailə münasibətləri elə buna real sübut idi.

Varis Yolçuyev öz obrazının dili ilə bütün sevgi qatillərinə nifrət etdiyini bildirir və söyləyir ki: “Necə yol vermək olar ki, ehtiyac adlı qatil belə müqəddəs sevgini öldürsün?!”

Müəllif təklik və kədərin bir- birini büsbütün tamamlayan iki anlayış olduğunu bildirir, ona

görə təklikdən kədər doğulur.

Nailə Araz bəyin təklifini uzun sürən tərəddüdlərdən sonra qəbul edib ona həyat yoldaşı olmağa hazırlaşarkən təsadüfən İlqardan xəbər tutur, İlqarın maddi vəziyyətinin çox pis olduğunu öyrənir və ona “SON MƏKTUBUNU” yazır:

“Bir bilsən əvvəlki illərdə sənə nə qədər məktublar yazmış, cırıb küləklərdə uçurtmuşam. Bəzən hətta uşaq sadəlövhlüyü ilə bu kağız parçalarından birinin sənin əlinə keçəcəyinə özümü inandırmışam da hələ…

 Sənsiz yetim qalan hisslərimi, duyğularımı bura köçürəsi halım yoxdur.

Bir tək ümidlərə sığınaraq axı nə qədər yaşamaq olar?

 Bu, sənə yazdığım son məktubumdur. Doğrudan da, sonuncudur!

Bilirsən, illər keçəndən sonra yazılan bütün məktublar ya cırılıb atılır, ya da silinir. Yalnız ilk və son məktub istisna olmaqla.

 İşə bax ki, indiyədək sənə nə ilk məktubumu göndərmişəm, nə də sonrakıları. Görünür, yalnız son məktubumu oxumağın qismət imiş.

 Səndən heç bir istəyim yoxdur, heç niyə yazdığımı da bilmirəm. Sadəcə, yazdım. Yazdım ki, bunları biləsən. Biləsən ki, sənə qədərki və səndən sonrakı həyatım olmayıb. Yalnız səninlə keçən həyatım olub. Qarşımda günahkarsan. Və qarşında günahkaram. Ən böyük həqiqət bax budur!

 Hər bir insanın içində işıq var. Çox vaxt insanların içindəki işığı zaman söndürür. Amma biz içimizdəki işığı özümüz söndürdük…”

Nailə, ehtiyac üzündən çirkaba bulaşmış və həmişə bu çirkabdan qurtulmağa çalışmış, amma başarmanışdır… Nailənin sirrini bircə Araz bilirdi, amma onu bu çirkabla qəbul etməyə hazır idi.

Nailə törətdiyi cinayətin də cəzasını çəkmişdir, lakin düşünürdü ki, mənəvi cinayətinin əfvi yoxdur.

Arazla qovuşmaqlarına az qalmış isə Nailə daxilindəki sevgi ocağının hələ də yandığını hiss edir, Araz bəydən üzr istəyib İlqara qovuşmaq üçün Bakıya bilet alır.

Gözlənilməz süjet xətti oxucunu daha da həyəcanlandırır.

Yunus Xocanın sözləri burada lap yerinə düşür: “Adəm övladının bu dünyada yaşanağı şipşirin balın başına hərlənə- hərlənə bir dəfə də dolaşıb içinə düşən milçəyin uçuşuna bənzəmirmi?”

Nailənin əslində müəllifin romanın sonunda işlətdiyi ifadələr sevənlərə çox tanışdır: “İnsan ürəyinin də qapısı var. Bu qapı təkdir, eynən xırda dükanların qapısı kimi. Ancaq o, həm də böyük alış- veriş mərkəzlərindəki kimi birtərəflidir, giriş qapısındadır.

Onun çıxış qapısı yoxdur.”

Varis Yolçuyevin digər romanları kimi bu romanı da oxucularının qəlbində “öz taxtını” qurdu.

Hətta xatırlatmaq lazımdır ki, hadisələri İstanbul şəhərində bəhs edən bu roman İstanbulda, IQ yayınlarında dərc edildiyi 2014-cü ildə Türkiyə kitab bazarını araşdıran 1000 kitapcom portalının “Populyar kitablar listəsi”nə düşməyi bacarıb, yerli və əcnəbi, müasir və klassik yazarların 75000 kitabı arasında  52-ci pilləyə yüksələ bilib və “Son məktub” dünyanın ən böyük universitet kitabxanası sayılan Birmingem Universiteti kitabxanasının əsas fonduna daxil edilib.

Romanı oxuyub bitirərkən elə sevimli yazarın bu romanında işlətdiyi cümlələri yadıma düşür, hansı cümlələri? Mən söyləyim, bu romanı oxuyanlar tanış olsa da, tanış olmayanlar da bilsin.

“…Bütün başlanğıcları sevirəm. Çünki bunlarda ümid var, gözlənti var. İnam var. Başlanğıclar hamısı sevinclidir. Amma sonları finalları sevmirəm.- Uğursuzluq, məyusluq, məğlubiyyət acısı var sonlarda.

 Hətta uğurlu sonluq belə kədərlidir, uğurun bitməsi acısı yaşadır adama.”

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu