Şiir

ÜMİDSİZLİK NƏĞMƏSİ VƏ YA QOCA SKRİPKAÇI HAQQINDA BALLADA-Habil YAŞAR

Zibil qabı yanında,

zibillik eşələyən,

qoca, nurani kişi,

Yamanca deyinirdi.

O, bəzən gülümsəyir,

bəzənsə…

Ah, mənim amansız, qara taleyim,

Məni məhrum etdi işıqlarından.

Yoluma daş qoydu bu həyat mənim,

Heç üzüm gülmədi uşaqlığımdan.

Ey cansız və ruhsuz, kor zibilqabı,

Bilirəm, zərrə də məni duymazsan.

Bəlkə də hissimdə çox yanılıram,

Məni məndən yaxşı anlayanımsan…

Hər gün ətrafında fırlandıqca mən.

Sən mənə baxırsan oyuncaq kimi.

Halbuki mənim də xəyallarımda,

Gələcək var idi çox parlaq kimi.

Sənin ətrafında fırlandığım tək,

Mənim dörd yanımda  tamaşaçılar,

Bu cür  fırlanardı xəyallarımda,

Ah, mənə qıymadı xəyallarım da.

Gözlərim kor ola, görməyəydi kaş,

Qaranlıq dünyamın qaranlığını.

Ya məni heç anam doğmayaydı kaş,

Ya da ki, doğaydı bəxtəvər kimi…

Ah, yenə anamı qınayıram mən,

Yazığın özü də  bədbəxt adamdı.

Taleyin amansız sınaqlarından,

Onun da heç üzü gülmədi, əfsus…

İndi torpaq altda qəm çəkir yenə,

Bu bədbəxt oğlunun bədbəxtliyinə.

Həm cansız, həm ruhsuz yarandığından,

Bəlkə də xoşbəxtsən ey zibilqabı,

Nə bilim, bəlkə də elə deyilsən…

Olmaya,  mənim tək gileylənirsən,

Sən də taleyinin dönüklüyündən.

Bu ara adamlar keçir yanından,

Kinayə baxışlar, kəskin baxışlar.

Fələyin rəhmsiz oyunlarından,

Min qat daha  betər öldürür onu…

Bumudur  ədalət? Bumudur həyat?

Hər an bir-birindən daha narahat.

O, baxır ətrafa gözlərində qəm,

Adamlar şeytan tək görünür ona.

Yer üzü deyilən sanki cəhənnəm,

Yox “sanki” artıqdır, özüdür ki var,

Elə cəhənnəmin özüdür ki var…

Keçir əllərinə neçə cür əşya,

Hər əşya kimsədən bir xatirədir.

Qəfildən əlinə toxunan nəsə,

Onu yerindəcə yaman titrədir.

Astaca qaldırır onu göylərə,

Baxır həsrət dolu, intizar dolu.

Onsuz fəsillərə, onsuz illərə,

O, qədəm qoyurdu ahu-zar dolu.

Qabarlı əlləri toxunur simə,

Azacıq musiqi səsləndirərkən,

Hönkürtü qoparıb, yıxılır yerə,

Ağlayır məhv olmuş ümidlərinə.

Ancaq skripka da düşmür əlindən,

Bağrına basaraq qucaqlamışdır.

Onun qoxusuyla, musiqisiylə,

Cənnəti dünyada o yaşamışdır.

Yenidən adamlar keçir yanından,

Necə də duyğusuz, ruhsuz və cansız.

Ölmüş ürəklərə təsir edərmi?

Musiqi sədası, insan həyatı,

Bax budur həyatın sonsuz təzadı.

Bir anlıq xəyala qapılır qoca,

O, böyük səhnədə cürətə gəlir.

Kiçikdən böyüyə  tamaşaçılar,

Musiqi səsindən heyrətə gəlir.

Mələklər də səsin seyrinə gəlir.

Onun taleyinin gözləri kimi,

Ətrafda bərq vurur rənglər, işıqlar.

Dünya nə gözəldi, necə gözəldi,

Onun hər yanında bir yaraşıq var.

Hər kəsdən bəxtiyar bir insan kimi,

Unudub kədəri, unudub qəmi,

Taleyə təşəkkür eləyir qoca.

Başı zirvələrdən daha da uca.

Ona yaraşardı ah bu ucalıq,

Bəlkə də şansı var, amma qocalıq,

Taqətdən və gücdən salmışdı onu…

Yox, yox yanılıram gülərsə gözlər,

O qüvvət, o taqət qayıda bilər.

Qocalıq da özün cavanlaşdırar,

Əksinə,

Cavanlıq da özün qocalaşdırar.

Bax budur həqiqət, budur reallıq,

Fərqi nə, qocalıq, yoxsa cavanlıq.

Anidən bir cavan tutur qolundan,

Ayırır gül kimi xəyallarından.

Bax beləcə bitir nağılın sonu,

Azacıq sevincə tab gətirməyib,

Tale xoşbəxtikdən ayırır onu.

Yenidən qayıdıb bu cəhənnəmə,

Qərq olur amansız kədərə-qəmə.

Dünya başdan-başa düşür gözündən,

Bir tək skripka, o sirli alət,

Azacıq da olsun düşmür gözündən.

Sıxıb əlləriylə yoxlayır onu,

Körpə tək sevgiylə qoxlayır onu.

Gözünün işığı,  bircə dənəsi,

Amansız taleyin xoş hədiyyəsi,

Məhz bu  skripka mübaliğəsiz,

Yeganə səbəbdir xoşbəxtliyinə.

Əlini göylərə qaldırıb yenə,

Şükürlər eləyir yaradanına,

Ən böyük sevinci bəxş edib ona.

Beləcə gətirib, gətirib sona.

Yük götürüldü canımdan, unuduldu qayğılar.

İlahi xoşbəxtliyim bu şeirlə yaşandı.

Ah necə də gözəldir kama yetmiş arzular,

Zamanın özü belə müvəqqəti dayandı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu