İnceleme

DOST QAPISITƏK AÇIQ DƏRGİ

Pərvanə Bayramqızı

DOST QAPISITƏK AÇIQ DƏRGİ

Pərvanə Bayramqızı

Səhifələrində türk dünyasının yazarlarının əsərlərinə yer ayıran “Güftə ədəbiyyat dərgisi”nin otuzuncu sayında həmişə olduğu kimi bir-birindən maraqlı ədəbi nümunələr yer alıb. Dərginin müxtəlif başlıqlı mövzu seçimi var, yazılar hər nəşrdə həmin mövzuya uyğun qruplaşdırılır. Dərginin sayı yenilənəndə müsahibə ilə başlayır. Ayrı-ayrı yazıçılarla hazırlanmış müsahibələri oxumağı səbirsizliklə gözləyir, ədəbiyyat haqqında fərdi fikirlərlə, müxtəlif üslublu yaradıcılıq nümunələri ilə tanış olacağımız marağı ilə gözlərimizi sətirlərdə gəzdiririk.

Türkiyəli yazıçı Bayram S.Daşqının budəfəki qonağı yazıçı Nagehan Dermançıdır. Bayram bəyin götürdüyü müsahibələr əhatəli olur. Nagehan xanımla söhbətin mövzusu yazıçının ilk kitabı olan on iki hekayədən ibarət “Baktığım Her Yerde” adlı kitabı və yazıçı macəralarıdır. O, ədəbiyyat üzrə keçirilən Seyhan Livaneli hekayə müsabiqəsində “Baktığım Her Yerde” və “Sevmekten Kim Usanır” hekayələrinin münsiflər tərəfindən birinci yerə layiq görüldüyündən və özünün yazıçılıq görüşlərindən bəhs edir.

Qeyd edək ki, Seyhan Livaneli Hekayə Müsabiqəsi hər il təşkil edilir. Burada hekayə janrında kitabı nəşr olunmamış, 18 yaşdan yuxarı yazarlar iştirak edirlər.

Müsahibəni oxuduqca Azərbaycandakı ədəbi proseslərlə eyni olan məqamlar tapırıq. Məsələn, B.Daşqın deyir, ədəbiyyat dünyasında, müsabiqələrdə iştirak etməyi sevməyən yazarlar da var, müsabiqələrdə heç bir nəticə göstərməyənlər də. Azərbaycanda da bu cür yazıçılar çoxdur.

Nagehan Dermançının fikrincə, mükafat yazıçının və yazdıqlarının dəyərini müəyyən edən yeganə ölçü deyil; amma yazara həm mənəvi dəstək verdiyi, həm də ona görünürlük qazandırdığı bir həqiqətdir. Onun yazıçı üslubu mətni dəfələrlə oxumaqdan, sadələşdirmək və ritmi qorumaqdan ibarətdir. Hekayələrdə ən çox məhz bu hissədə çətinlik çəkdiyini bildirir. Nagehan xanımın: “Əvvəlcə çox sərbəst yazıram, sonra isə mətni təmizləməyə başlayıram. Cümlə-cümlə irəliləyirəm” söyləməsi çoxuna tanış gələ bilər.

Bayram bəyin: “Yazarkən “olmazsa olmaz” dediyiniz bir ritualınız, yaxud əl çəkə bilmədiyiniz bir vərdişiniz varmı?” sualına verdiyi “gecələr yazıram, yaza bilməyim üçün səssizlik əsas şərtdir. Yeganə ritualım gecə yazmaqdır. Bundan başqa, rituallar mənim üçün lüksdür. Həyatı çox gərgin olan biriyəm, ona görə də sadəcə vaxtdan səmərəli istifadə etməyə çalışıram” cavabı da bütün qələm adamlarına məxsus cəhətdir.

Digər bir müsahibə isə Huban Seda Arasın İlk Öykü Kı̇tabı “Kaypak Mavi”̇ kitabına həsr edilib. Burada da yazıçılıq mövzusunda maraqlı yanaşmalar var.

Rabia Doğana sual:

“Sizinlə ilk hekayə kitabınız “Kaypak Mavi” haqqında bir müsahibə aparacağıq”.

Yazıçının cavabı: “Daha çox həyatın planlaşdırılmış tərəflərinə deyil, öz-özünə, təbii şəkildə baş verən anlarına qulaq asıram”.

Dərginin xeyli səhifəsi Xalq şairi Sabir Rüstəmxanlı ilə aparılan müsahibələrə və onun həyat və fəaliyyətinə, yaradıcılığına həsr edilmiş mətnlərə ayrılıb. Aysel Xanlarqızı Səfərlinin, Aleyna Malkoçun müsahibəsi, Tənzilə Rüstəmxanlının “Şairlərə Vəfa Borcumuz”, İmdat Avşarın “Azerbaycan’ın Söz Bayrağı Sabir Rüstemhanlı”, Şərifova Salidənin “Sabir Rüstəmxanlı Poeziyasının Bədii Xüsusiyyətləri”, Professor Rəsmiyyə Sabirin “Azərbaycan Ədəbiyyatında və İctimai Fikir Tarixində Silinməz İz Qoymuş Şəxsiyyət”, Doğanay Dağların “İçtimaî Tasfiye ve Sabir Rüstemhanlı’nın “Millî Hafıza”, Vaqif Yusiflinin “Vatan Şairi”, “Sabir Rüstəmxanlının 70 Yaşı “Bu Vətən Deyilən Dünyam Sirlidi”, “Sabir Rüstəmxanlı – 65 Poemaları (III məqalə)” adlı resenziya və məqalələri şairin həyat və fəaliyyətinə verilən dəyərin, ona olan sevginin ifadəsidir. Mətnlər bunlarla kifayətlənmir, bundan başqa da Aysel Nəsirzadənin “Sözün və Milli Ruhun Keşikçisi – Sabir Rüstəmxanlı”, Yavuz Selim Uğurlunun “Sabir Rüstemhanlı’nın “Atamın Ruhu” Adlı Eseri Üzerine Bir Değerlendirme”, İradə Aytelin “İki Kəlmə” – Ayrılıq və Yaxud Sabir Rüstəmxanlı Yaradıcılığında Sevgi Şeirləri… “, Elnarə Elxan Qızı Qaragözovanın Sabir Rüstəmxanlının “Dünya Təmizlənir” Povestində Cəmiyyətin Katarsisi”, Şəhla Aslanın “Sabir Rüstemhanlı: Dilin, Kimliğin ve Vatanın Sesi”, Səidə Əliyevanın “Sabir Rüstəmxanlı Yaradıcılığı Yeni Təfəkkür Hadisəsi Kimi”, Nigar Sultanlının “Söz Yaradanın Xəlifəsinə Göndərdiyi Lütfdür”, Nəzakət Cavadovanın “Şair Qəlbindən Millət Yaddaşına Uzanan Ömür”, Berrin Yükselin “Geçmiş ile Gelecek Arasında Bir Köprü: Sabir Rüstemhanlı”, Ayaz Arabaçının “Bu Səs Sabir Bəyin Qələmi İdi”, Ayşə Ayın “Sabir Rüstəmxanlı Öykücülüğü Üzerine”, Gülnar Hüseynova (Faiqqızı)nın “Millətin Sözünün Zirvəsi: Sabir Rüstəmxanlı – 80” kimi nümunələr Sabir Rüstəmxanlının ədəbiyyatda necə bir iz qoyduğunu sübut edən dəlillərdir.

“Güftə” ədəbiyyat dərgisinin” sahib çıxdığı həyat hadisələri ilə dolu olan hekayələrdən ədəbi zövq alacaq oxucuların sayının çox olacağından əminəm. Hər bir hekayədə onlar üçün düzgün nəticə çıxarmaq üçün fikirlər, süjet və məqamlar var. Məsələn, Fatma Düzenli Gürün “Yolculuk” hekayəsi.

İnsan çox vaxt yol gedərkən özü ilə tək qalır və bu zaman özünü yenidən tanıyır. Yaxud həyatına təzədən nəzər salır, nələrisə saf-çürük edir, təzədən yoluna qoymaq, yenidən başlamaq istəyir. “Yolçuluğ”un qəhrəmanı da yol boyu həyatını bir-bir gözləri qarşısından keçirir. Yol gedərkən dinlədiyin hansısa mahnı mütləq adama nəyisə xatırladır. Qəhrəmanımız da bir vaxtlar ömür yoldaşı ilə olan münasibətinin nə vaxt soyuduğunu düşünür, bir mahnının sədası ilə yol boyu özü ilə söhbət edir.

Uzun illər bir-birini anlamamaq, bir-birinin istəyinə laqeyd qalmaq sonda pis nəticə verir. Ər-arvad da beləcə uzun illərin təsirindən doğan soyuqluqla yol gedirlər. Biri nə vaxtsa birlikdə dinlədikləri mahnını dinləyib təsirlənir, digəri isə əsəbiliklə “bunun səsini al” deyir. Tərəflər arasında uçurum bəzən davasız başlayır. Bircə kəlmə “bunun səsini al” deməklə. “Nəm dəsmalın qapağını da bir dəfə cıranda digərləri zərər görür” fikri hekayənin məğzinə aiddir. Onların yolda qarşılaşdıqları qəfil qəza oxucuda hekayənin içində başqa bir hekayənin izləri olduğu təəssüratını oyadır. İnsanlar ömrün qısalığını, hər an hər şeyin baş verə biləcəyini bilsələr də bir-birini incidirlər. Hekayədən ibrətamiz nəticə çıxarmalıyıq.

Digər maraqlı hekayə Casim Babaoğlunun “Bülbülün Özgürlüğü Bir Fincan Kahveyle” hekayəsidir. Müəllif quşla insanın maraqlı dialoqunu təsvir edib. Bu söhbətlə o, insanlara aşılamaq istədiklərini çatdırıb. Quş əlində kitab gördüyü adamdan qorxmur, onunla söhbət edir.

Emine Tutunun “Geçer” hekayəsi kiçik mətnlərin böyük mənasının olduğu fikrini təsdiqləyir. Hekayə balaca boy-buxunu ilə oxucunu özünə necə cəzb edirsə, təəssüratını qeydə almaqdan çox “görəsən, qənaətimdə yanılmıram ki” sualına qərq olursan. Birinci dəfə oxuyanda qənaətimi gizlədərək oğlumdan bu hekayəni oxuyub təəssüratını söyləməsini istədim. Onun qənaəti fərqli oldu. Qızımsa oxuyan anda eynən mənim fikirlərimi təkrarladı. Müəllifin uğru budur: onun yazdığını hər oxucu bir cür yozur. Oğlum daha çox müsbət sonluq, ümidli bir şey axtarışındadır. Qəhrəmanın ruhdan düşməməsini, sevdiyi ilə qarşılaşmasını istəyir. Qızımsa tələbədir, artıq müstəqil fikirlərlə yaşayır. O eynən mənim çıxardığım nəticəni təkrarladı: qadın avtobusda gördüyü birinə vurulur, daima onun haqqında düşünür. Gözləri onu axtarır. Ümidsiz bir eşqdə ikən qulağına “abla” sözü dəyəndə xəyaldan ayılır. Bu söz hisslərini alt-üst edir. Oğlumsa deyir, abla deyən başqa bir şəxsdir, qadın gözəl hisslərdən ayıldığı üçün təəssüflənir ki, yəni avtobus soruşmaq vaxtıdır? O istəyir ki, qadın xəyalən sevdiyi adamdan əlini üzməsin, nə vaxtsa görüşəcəklərinə ümid edib yaşasın, amma aydındır ki, “abla” sözü onu artıq reallığa qaytarmışdır.

Tərcüməçisi Orhan Volkan olan R. Hadrinin “Kendimle Monolog Valbona” şeir də yaddaqalandır.

Özbəkistanın IX–X yüzilliyə aid məscidi haqqında Shoxijahon Urunov | Aktaran: Abdulaziz Rahimin yazısı: “Mağoki Attori Cami: Buhara’nın En Eski Hazinesi”ndə Buxara şəhərində yerləşən, yer səthindən 4,5 metr aşağıda olan və zəngin oyma naxışlarla bəzədilmiş qədim memarlıq abidəsindən bəhs edilir.

“Mağok” sözü çuxur, yer altı deməkdir; ətrafında ətriyyat və ədviyyat (attor) bazarları yerləşdiyi üçün belə adlandırılmışdır.

Sətirləri oxuduqca bilirik ki, sözlə səyahət etmək məlumatın çoxluğuna səbəb olur.

Bundan başqa adlarını çəkə bilmədiyim xeyli müəllifin şeirləri, hekayələri var. Onların arasında müxtəlif ölkələrdən olan müəlliflər çoxdur. Azərbaycandan da Zaur Ərmuğan (“Yalan sırıyır dünya”), Zeynəb Cəmaləddin (“Dağlara-dağlara”), Nigar Arif (“Xoşuma gəlmir”), Coşqun Xəliloğlu (“Zəngli saat”), Məryəm Bağırova (“Hamster Çarkı”) və Murad Gözelovun (“Çocuklara Şeker”) imzalarını görürük.

Bədii mətnlərdən başqa, dərgidə Azərbaycan mətbuatı haqqında məlumat da dərc edilib. Məlumatları mənbələrdən toplayıb göndərməyi dərginin redaktoru mənə həvalə edib.

Türk dünyasının qələm adamlarını ətrafına yığmaqla “Güftə ədəbiyyat dərgisi” artıq hamımız üçün doğmalaşıb. Onun səhifələri dost qapısı kimi açıqdır. Qardaşlığımız, dostluğumuz əbədi olsun.

Yazılar bunlarla bitmir, xeyli şeir və hekayələr, ayrıca kiçik hekayələr dərc edilib, mən yalnız istiqamət verib xəzinənin yerini göstərdim, ona doğru getməksə oxucunun öz istəyidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu