Kitaplık

SONUNCU ƏMRDƏN SONRAKI ÖMÜR HAQQINDA QƏHRƏMANLIQ DASTANI-Bayram MƏMMƏDOV

SONUNCU ƏMRDƏN SONRAKI ÖMÜR HAQQINDA QƏHRƏMANLIQ DASTANI

Bayram MƏMMƏDOV

Müharibə ədəbiyyatı müharibənin gedişində də yazılır, müharibədən sonra da.

Müharibə mü­haribəyə aparan dövlətlərdən biri üçün ədalətli, digəri üçün ədalətsiz müharibə olur. Ədalətli müharibə aparan dövlət (xalq) üçün bu müharibə, qəhrəmanlar, qəhrəmanlıqlar həmişə ədəbiyyat üçün mövzu olub, yazılan əsərlər hadisənin həm bədii təsvirini verib, həm də tarixi gerçəkliyi, cə­miy­yə­tin mənəvi dünyasını (ruhunu) ifadə edib. Tarixin ədəbiyyatı da, ədəbiyyatın tarixi də dövlətin bu günündən sabahlarına düşən işığa dönür, yazılan əsərlər ədəbiyyatın tarixə (bəlkə də ta­rixin ədəbiyyata) proyeksiyası olur. Tarixi faktları ilə, bədii təxəyyülü ilə tarixin bir dönə­mi­ni əsərləşdirən ədəbiyyat da tarixləşdirmə prosesidir.

***

Azərbaycanın ədalətli müharibəsi – Vətən müharibəsi tarixi Zəfərlə başa çatdı. Hər döyüşü bir tarix olan Vətən müharibəsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xal­qa müraciətində demişdi: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Bu qətiyyət ordumuzun döyüş əzmini də yüksəldirdi, qələbə ruhunu da. “Təzadlar” qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” əsəri bu əzmin, bu ruhun ədəbi ifadəsi kimi oxunur. Kəşfiyyatçı polkovnik-leytenant Orxan Əkbərovun döyüş yoluna həsr edilmiş bu əsərə Vətən müharibəsinin bədii təsviri kimi də bax­maq (qəbul etmək) suç deyil; əsər Azərbaycanın erməniliklə, Ermənistanla ədalətli döyüşlərinin söz təsviridir, bu döyüşlərin neçə on illər əvvəl başladığını Rəşad obrazı ilə, erməniliyin vəh­şi­li­yi­ni Rəşadın ailəsinin müsibəti ilə təsvir edən müəllif bədii sözün zəmanəti ilə bir daha xatırladır ki, ermənilik iyirminci əsrin sonunda açıq şəkildə təzahür edən neo-faşizm olub, indi də belədir.

Təsvirlərdə tarixilik gözlənilir – olmuşlar haqda da tarixi faktlara istinadən söz açılır. Bu, sənədli nəsrə xas olan xüsusiyyətdir və Asif Mərzili “Sonuncu əmr”i real hadisələr əsasında yazılmış roman kimi təqdim edir: “…1992-ci ildə Xocavəndə atamın qohumlarıgilə qonaq get­misdik. Geri qayıdanda güclü yağış yağdı, sonra duman gəldi, ermənilərin pusqusuna düşdük. Atam, anam, dayım və bibim, kiçik qardaşım. Bir də mən…”.

Asif Mərzili Rəşadın ailəsinin fa­ciə­­sinin başlanğıcını belə təsvir edir. Ermənilər böyrəklərini Rubenin bacısı uşaqlarına köçür­mək üçün sağ saxladıqları Rəşaddan savayı hamısını işgəncələrlə öldürür. Bu təsviri əsərin fa­bu­­lası hesab etmək olar. Rəşadın sağ qalması, Orxan Əkbərovu axtarması, tapması, fərdi qisası zə­mi­nində Azərbaycanda törədilənlərin qisasının alınması üçün bunlar olmalı imiş. Həyat fəlsəfəsi müharibədə də gümanlardan gerçəkliyə meyilli olur: zərurət üçün bir təsadüfün gərəkliyi anla­mın­da, bir qəhrəmanlıq üçün bir ağır döyüşün olması kimi…

***

Romanda bir məqam diqqəti çəkir:  Orxan Əkbərovla əməliyyata birlikdə gedən Rəşadın erməni dilini öyrənməsi mexanizmi, erməni olduğunu təsdiqləyən sənədin əldə olun­ma­sı (kəşfiyyatçı olaraq ermənilərin içinə getməsinə şərait yaradan amillərə malik olması) da inan­dı­rı­cı­dır. Təbii ki, bədii təfəkkür də gerçəkliyi ifadə etməyə qadirdir!

Rəşad-Orxan (“Qartal”) xətti ilə başlayan əsər Rəşadla Orxanın birlikdə həyata keçirdiyi əməliyyatla genişləndirilir, qan yaddaşının qınından sıyrılan qılıncına dönür, illərlə bir anın (anların) yaşanılacağı şükranlığa aparır; yeniyetməliyində ata-anası, dayısı, qardaşı qətlə yetiri­lən, ölümündən qaçan, qatilin qohumları üçün donor olacağına görə tutulub qaytarılanda əzablar verilməyən, öldürülməyən Rəşadın həyat hekayəsi ilə Vətən müharibəsi, müharibənin yüzlərlə qəhrəmanlarından biri olan kəşfiyyatçı Orxan Əkbərov (“Qartal”) tanışlığı, onların ara­sın­da ya­ra­­dı­lan bədii uzlaşma – əlaqə (əslində əsərin süjeti) Vətən müharibəsi haqqında təəssürat da yara­dır, tarixi (hadisə və faktları) bədiiləşdirir də.

Əsərdə Rəşad-Sara xətti Orxanın xarakterinin daha möhkəm əsaslarla əsgərlərşməsində, müəyyən qədər, vasitə olur. Əsirlərdən öyrəndikləri mövqeləri (ermənilərlə iranlıların metallomtoplama məntəqələrinin, bu məntəqələri mühafizə edən mövqelərin yerinin öyrənilməsi, dağıdılması) Or­xanın hərbi təxəyyülünün, qətiyyətinin, cəsarətinin təzahürü kimi təqdim edilib. Müəllif tarixi faktla­rı ədəbi mətn kimi təqdim etməyə nail olub…

***

Oxucunu Rubenin öldürülməsi anının intizarından qurtaran təsvir yazıçının ədəbi uğu­ru­dur: “…Rəşad əllərini qoşalaşdırıb masanın üstünə qoydu, əlində şərab badəsini tutub içmək istə­yən Rubenin titrəyən əlinə bir yumruq ilişdirdi: – Əclaf, – dedi, – bax bu əllərə, sənin günlər­lə ac saxlayıb bir tikə kababı da çox gördüyün həmin uşaq indi qarşındadır…

Rəşad yerə sərilərək özünü itirmiş qoca Rubenin nimdaş və çirkli pencəyinin yaxalığından tutub qaldırdı və masaya əyləşdirdi: – Bu qızıl zəncir isə mənim anamın idi, sən onu tonqalda yan­dırdın, rəhm etmədin. Niyə? Bu, insanlığa sığan idimi, əclaf köpək, – deyib Rubenin boğa­zı­na, vaxtilə atasını və dayısını asdığı kimi bir kəndirin ilgəyini keçirtdi, – Səsin çıxsa, bu xəncər boğazındadır. İndi dur gedək mənim valideynlərimi, körpə qardaşımı, dayımı və bibimi benzin töküb yandırdığın yerə…

Rəşad Rubeni sürüyə-sürüyə həmin məzarların olduğu yerə gətirdi:

– Buradır?

Səsi boğazında ilişib qalan Ruben xırıltı ilə: – Hə, buradır, – dedi.

Rəşad Rubeni həmin qəbirlərin üstündə diz çökdürüb: – De ki, mənim qanım sizə halaldır, əliyalın, köməksiz insanlar, mən sizi insanlığa yaraşmayan zülm ilə öldürdüm… De… De… Əc­laf…

Ruben bu dəfə Azərbaycan dilində yalvarmağa başladı…”.

Vətən müharibəsinin hər döyüşü qəhrəmanlıq döyüşü idi – döyüşçülərimiz qəhrəmanlıq­la  döyüşürdü. Qəhrəmanlıqla döyüşmə nədir – cəsarətlə, qorxmadan döyüşməkdi. Qələbəyə inam­la, Vətən adından döyüşməkdi qəhrəmanlıq. Qəhrəmanlıqla döyüşmək həm də şəhidliyə qənşər getmədi – döyüşün sonunda şəhidliyin də ola biləcəyi ehtimalının nəzərə alınmasıdı. Qəhrəman­lıq­la döyüş ölüm haqqında düşünməməkdi… “Qartal”ın son döyüşü Mixaylonun, Mi­xay­­loların, Mübarizin, Mübarizlərin, Çingizin, Çingizlərin… döyüşünün mahiyyəti idi – 6 dö­yüsçü ilə şəhidlik döyüşü. 7 ömür Vətənin əmrini sədaqətlə yerinə yetirdi…

Orxan Əkbərov hərbçidir. Hərbçi peşəsinə uşaqlığından marağı olub. Bu marağın yaran­ma­sı, qətiləşməsi, dönməzləşməsi orta məktəb illərindən başlayır. Müəllif bu faktları inandırıcı detallarla təqdim etməyə nail olub. Əsəri oxuyursan, inanırsan ki, Orxan, ancaq hərbçi olardı. Əsərin finalınada məktəblilərin hərbçilərə məktub yazması da Vətən muharibəsində ordu-xalq bir­li­yinin ifadəsi kimi təqdim edilib. Komandirin (polkovnik-leytenant Orxan Əkbərovun) öz qı­zı­nın məktubunu alması, oxuması da Vətən müharibəsinin ruhun müharibəsi olduğunun təsdiqi kimi təqdim edilib və əsərin oxunaqlığını, bədii dəyərini artırır.

Rəşadın erməni dilini öyrənmək istəyi bu dilə rəğbətdən olmayıb, özünə də bəlli olmayan mət­ləb­lərə görə yaranmış maraq olub. Bu məqam (məqamlar) adi təhkiyyə ilə məhdudlaşsaydı, “Sonuncu əmr” əsərini şərtləndirən süjet (Orxanla ermənilərin içinə getməsi, onlarla nəfəs-nə­fə­sə günlər yaşaması, əsirlərlə görüşməsi və nəhayət,  Rəşadın Rubeni öldürməsi) inandırıcı olmaz­dı. Hadisələrin (mahiyyətli hadisələrin) bitkin süjet üçün arqumentləşdirilməsi həm əsərin bütöv­lü­­yünü təmin edir, həm də oxunaqlığını artırır. Əsərdə təsvir edilən hər bir hadisə mahiyyət baxı­mından qələbəyə xidmət edir: “Sonuncu əmr” romanında artıq hadisə yoxdur. Rəşadla Or­xan əsirlərin işlədiyi yerə getmələri də müharibə aparmanın tərkib hissələrindən biridir və kəsfiy­yatçılar belə bir informasiyaya qənşər getməsəydilər obrazlar bu səviyyədə dolğun, yetkin, bitkin olmazdı (sənədli nəsrin tələbləri də belədi). “Sonuncu əmr”də Birinci Qarabağ müharibəsində (və atəşkəs dövründə) Ermənistanla İranın Azərbaycanın işğal olunmuş ərazilərində qarətlərin təşkili və mexanizmi haqqında yazılanlar da əsərin tarixi dəyəridir, şübhəsiz: Ermənilər əsirləri Ağdama, Ağdərəyə və digər kəndlərə metal toplamağa aparırlar… Onlar azərbaycanlıların ev­lə­rini, həyətlərini dağıdıb metal yığırlar. İrandan da belə adamlar var… Bu təhkiyyə Ermənistanın apardığı ədalətsiz müharibənin gerçəkliyi idi və Asif Mərzili bu gerçəkliyi ədəbiyyata uğurla gətirib. Həm də İran bu müharibədə iştirakını bu kimi faktlar müqabilində necə dana bilər?!

***

Rəşad Rubeni öldürür, ata-anasına, dayısına, qardaşına görə qisas alır. Rəşadın ali məqsədi təkcə bumu olub? – yox, o, əzizlərinin timsalında bütün şəhidlərin qisasının alınmasının əsgəri olub. Erməni dilini bu niyyətlə öyrənib, bu niyyətlə dayısının köməyi ilə özünə erməni kimliyi – pasportu alıb, kəşfiyyatçı zabit Orxan Əkbərovu da bu niyyətlə tapıb, bu niyyətlə Azərbaycana gəlib, ordu sıralarına daxil olub, bu niyyətlə döyüşüb.

Ümumiyyətlə, “Sonuncu əmr” Rəşad-Orxan süjeti əsasında yazılmış döyüş (müharibə, mü­ha­ribə aparma) əsəri kimi oxunur, bir qəhrəmanın qəhrəmanlığı baxımından ordunun qəhrəman­lı­ğının bədii zəmanətinə dönür. Əsər həm də bu baxımdan diqqəti çəkir, bədii dəyəri bu baxım­dan dəyərləndirilməlidir…

Əsərin adı finalda açılır və bu, bədii sonluq kimi də diqqəti çəkir, oxucuya bir mətləbi bir də yaşadır: qəhrəmanların ömrü əbədiyyət ömrüdür: mühasirədəydilər! Orxan Əkbərov başlayacaq döyüşün sonluğu haqqında düşünürdü, qəlbi qana dönürdü; bu döyüş şəhidlik döyüşü olacaqdı. Baxır və ağır-ağır dillənir: «…Subay əsgərlər mən tərəfə gəlsin… Ailəli əsgərlər, döyüş meydanını aşağı sol istiqamətə tərk edirsiniz. Biz mü­ha­sirədəyik. Biz bir neçə nəfər düşmənin qarşısını kəsib başını qatacağıq, siz isə mühasi­rə­dən çıxıb gedirsiniz…

Döyüşçülər tərəddüd etdilər: – Komandir, bu mümkün deyil, döyüşürüksə, hamımız bir yerdə olacağıq…

– Bu, mənim sizə sonuncu əmrimdir, dərhal əməl edin! Dərhal!… Kimi gözləyirsiniz?!

Komandirin zəhmli səsi ətrafa yayıldı… 6 nəfər döyüş meydanında qaldı. Qalanlar dərə aşa­ğı yola düşdülər…».

7 ömür döyüşdə şəhid oldu; polkovnik-leytenantın sonuncu əmri Azərbaycan əsgərinin Vətənə sevgisini ifadə edirdi. Bu əmr fədailik əmri idi…

Asif Mərzilinin “Sonuncu əmr” əsəri Vətən müharibəsindən yazılmış dəyərli əsərlər­dən­dir…

Polkovnik-leytenant Orxan Əkbərovun sonuncu əmri əbədiyyətə aparan yolun nuruna döndü…

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu