
TANRI DAĞINDAN MƏMMƏD İSMAYILA ZƏNG: “ALO!.. ALO!..”
Ümid Nəccari
2022-ci ilin iyun ayı idi. Rumıniyada Beynəlxalq “Mihai Eminescu” Festivalında iştirak etməyə hazırlaşırdım. Səfərə bir həftə qalmış Azərbaycan poeziyasının beynəlxalq brendi, ustad şair Məmməd İsmayıl mənə zəng açdı və eyni festivala dəvət aldığını söylədi. Həmin diri, duru səsi ilə: “Oğlum, ayaqlarımla bağlı məndə bir az çətinlik var. Bəlkə, gələsən İstanbuldan bərabər gedək”, – dedi.
Mən isə biletimi Ankaradan almışdım, amma bu barədə heç bir şey danışmadım.
“Tamam, Məmməd müəllim, həmən biletimi İstanbula alaram və orada görüşüb bərabər gedərik”, – dedim.
İstanbul Hava Limanında illərlə uzaq qalan bir oğlunu yenidən görmüş ata kimi məni bağrına basdı:
– Şeirlərini oxumuşam, sən gözəl şairsən. Azər Turanın məqaləsini də oxumuşdum, həmin şeirə yazılan ən gözəl məqalədir. O yazını bir neçə dəfə oxudum.
Danışdığı hər sözün sonunda “Güneyin mübarək oğlu” deyirdi.
Buxarestə çatanda festivalın təşkilatçıları hava limanında bizi qarşıladılar. Hava limanın çıxışında gənc bir oğlan üzərində “Mehmet İsmail” yazılmış A4 kağızını tutmuşdu. Festival dünya şairlərinin paytaxtı Kraiova şəhərində baş tutacaqdı. Buxarestdən Kraiovaya bizi taksiylə 4 saatlıq yol gözləyirdi. Yolun kənarında Günəşin nurlu siması qarşısında günəbaxanlar, taxıl zəmiləri ucalmışdı. O qədər səliqəli və zərafətlə əkilmişdi ki, əkinçiliyi bilməyən hər bir şəxsin diqqətini cəlb edə bilirdi.
– Məmməd müəllim, gör necə də gözəl əkiblər, baxmaqdan doymur insan.
– Həqiqətən möhtəşəmdir, mən bu festivala üçüncü dəfədir qatılıram. Bu yollar xəyallarıma keçib, bu yollar zehnimin bir küncündədir həmişə. Hər darıxanda bu yolları, orada iştirak edən ruh yoldaşlarımı xatırlayıram.
Yol boyu Məmməd müəllimlə xeyli dərdləşdik. Həyatım haqqında soruşdu. Keçmişi, taleyi, çətinlikləri, sürgünlüyü, qürbəti, ədalətsizliyi danışdıq. Mənim bir çox şeydən incik olduğumu görüb, öz həyat hekayəsini danışdı.
Onun nəsihətləri içimdə bəslədiyim adamı çox dəyişdi, məni tam başqa bir insana çevirə bildi. O səfərimi həyatımın ən xoşbəxt və dəyərli anları kimi qiymətləndirirəm. Etdiklərimə görə, gah nəsihət etdi, gah üzüldü, gah qəzəbləndi, gah gözlərini doldurub-boşaltdı. Anladım ki, çox kiçik və cüzi şeylər üçün incimişəm. Bu yolda duruşumu qorumaq üçün səs tonunu bir azca qaldıraraq: “İstedadsız, paxıl insanlar səni incitməyə çalışacaq, sən buna həmişə hazır olmalısan”, – deyirdi.
Buxarestdən Kariova gedən yolda bir neçə dəqiqəlik tənəffüs üçün maşın saxladı. Məmməd müəllim cibindən Rumın pullarını çıxardı. Üzündəki təbəssümlə mənə baxıb: “Bu pullar illər öncə Rumıniyaya gəldiyimdən qalır, bilirdim ki, yenidən gələcəm, yenidən bu festivalda iştirak edəcəm. Al bu pulu, ikimiz üçün su alarsan” – dedi.
Saat 13:00 radələrində Kariova şəhərinə çatdıq. Mihai Eminescu Akademiyasının Prezidenti Ion Deaconescu bizi qarşıladı, günorta yeməyindən sonra İon bəy bildirdi ki, iki-üç saat istirahətdən sonra hotelin foyesində görüşüb festival haqqında müzakirə etməliyik. Məmməd müəllimin ayaqlarından əziyyət çəkdiyinə görə, hotelin birinci mərtəbəsi və məni üçüncü mərtəbədəki otağa yerləşdirdilər. Məmməd müəllim saat 18:00-da aşağıda olmağımı söylədi.
Bakıdan İstanbula uçan təyyarənin gecikməsi və iki gün yolda olduğuma görə, o qədər yorğun idim ki, qurduğum telefonun zəng səsinə oyana bilmədim. Yuxudan ayıldım ki saat 19:00 olub. Tələsik, paltarlarımı əynimə geyinib koridora çıxdım. Məmməd müəllim qaşlarını düyünləyərək koridorda məni gözləyirdi.
– Ay oğul, heç bilmirəm, sənin otağının nömrəsi neçədir. Yarım saatdır, o yana, bu yana gedirəm, dedim indi başına nəsə oyun gəldi.
Onun bu hərəkəti bir atanın oğluna olan münasibət idi. Mənsiz akademiyanın prezidenti ilə görüşə getməmişdi.
Xeyli üzrxahlıq etdim və inandırdım ki, bu, həyatımın ilk gecikməsi idi. Demək ki, yorğunluq qalib gəlmişdi…
***
Kraiovada ilk gecə ABŞ-ın məşhur şairi Bill Wolak ilə birlikdə gəzintiyə çıxdıq. Məmməd müəllimə dedim, əsa bəhanədir bu yerdə. Dedi, düz deyirsən, şairlərlə yeriyəndə əsa unudulur. Əsasını verdi mənə, çəliksiz addımladı. Unudulmaz və xoşbəxt bir gecə keçirdik.
Bill Wolak Məmməd müəllimin köhnə dostu idi, bir neçə festivala bərabər iştirak etmişdirlər. Billin zarafatları və enerjisinə valeh oldum. Hər bir məsələdə işığı, enerjini, yumoru axtaran bir sənətkardır. Məmməd müəllimin şeirləri haqqında danışdı, onun diksiyası və poetik yanaşmaları haqqında müzakirələr etdik.
Həmin gecə hotelimizə geri qayıdanda, ərköyünlük məqsədi ilə qəfildən Məmməd müəllimə dedim: “Məmməd müəllim bu gecə də çox yorğunam, belə getsə sabah səhər də yatıb qala bilərəm”.
Üzümə baxıb birdən ürəkdən güldü. Yarı gülümsəyib, yarı əsəbi bir şəkildə “Sabah səhər 9:00-da otağımın qapısında olmasan vay halına… Sən day ağ eləmisən ee”, – dedi.
***
Festivalın açılışında Məmməd müəllimin şeirlər toplusu kitabı rumın dilində təqdim olundu. O qədər xoşbəxt olduq. Bu surpriz onu bir daha sevindirdi. Festivalın ikinci günündə Mihai Eminescu parkında şairin büstünü ziyarət etdik, büstün önünə güllər qoyduq, şeirlərimizi qarşısında səsləndirdik. Sonra parkda festival iştirakçıları ilə addımladıq. Mihai Eminescu büstü ilə üzbəüzdə bir skamyada oturdu Məmməd müəllim.
– Məmməd müəllim, gözəl mənzərədir, Mihai Eminescu büstü ilə üzbəüz oturmusunuz. Bir şəkil çəkim, dedim.
– Sən şəkili də şeir kimi çəkirsən, oğul.
– Necə ki?! (gülümsəyirəm)
– Axı ürəklə çəkirsən…
– O zaman ürəkdən gülümsəyin. Bu şəkili heç vaxt paylaşmayacam.
– Paylaşma heç! (Gülür)
Festivalın üçüncü günündə Rumınyanın Karakal (Caracal) teatrında şeirlərimizi səsləndirməliydik. Teatrın qapısından içəri girəndə izdihamı müşahidə etdik. Böyük Karakal teatrında bircə oturacaq belə boş qalmamışdı. Beynəlxalq şairlərin şeirlərini dinləmək üçün insanların marağını görüb, xoşbəxtlik hissi keçirirdik. Ataol Bəhramoğlu, Ion Deaconescu, Jeton Kelmendi, Məmməd İsmayılın çıxışları böyük alqışla müşayiət olundu. Məmməd müəllim çıxışında mənim şeirlərim haqqında da danışdı. Bir daha orada Məmməd İsmayılın okean ürəyindən qopan sözlərlə nə qədər təmiz niyyətli, ləyaqətli bir şair olduğuna inandım.
***
Festivaldan sonra Məmməd müəllimlə İstanbul hava limanında ayrıldıq. Qızının evinə gedəcəkdi, onunla köhnə İstanbulda bir şəhər avtobusunun önündə vidalaşdıq.
Artıq mütəmadi olaraq Məmməd müəllimə yazırdım, xəstəliyi haqqında soruşurdum.
– Nigaran qalma, oğlum. Keçəcək. Biz bir daha festivallarda bərabər iştirak edəcəyik. Həkimlər müsbət nəticələrdən xəbər verir.
Bu sözlərlə sevinirdim, güc alırdım, bir daha görüşəcəyimizə inanırdım. Bir ata oğluna göstərən qayğını ondan görmüşdüm. Darıxırdım və həsrətlə anırdım o günləri…
2024-cü ilin may ayında Məmməd müəllimlə telefon danışığımızda ağrılarının artdığını söylədi… Bakının dumanlı günündə avtobusla işə gedirdim. Unutdum hara gedəcəyimi, nə edəcəyimi bilmədim… Həmin avtobusda bir məktub yazdım:
Məmməd İsmayıla məktub…
May –
köndələn yağışlar qamçılayır alça ağacının kürəyini…
May –
Bayraqlar göy üzünə vuran şilləsinin səsi gəlir uzaqlardan…
Zivəyə sərilmiş təzə bəyin ağ köynəyini daşqalaq edir dolu,
Zivəyə sərilmiş ətəkliyin çiçəklərini vurur dolu.
Bu bahar da belə getdi!
May –
Dayanacaqda duran qızın saçlarını dağıdır dəli külək.
May –
İş yerimə gedirəm…
Buğ vurmuş mikroavtobusun şüşəsinə Günəş rəsmi çəkir qızcığaz…
Mikroavtobusdayam,
Məmməd İsmayıla yazıram:
– Necəsiz, Məmməd müəllim? …
– Alo..! Oğlum, aloo!
May-
Köks ötürür telegraf simləri…
– Səs gəlmir, alooo…
May–
Alo…
May 10, 2024
***
2025-ci il, avqust ayının 8-də Heydər Əliyev Hava limanında Qazaxıstanda “Abay Kunanbayev-180” festivalına iştirak etməyə təyyarənin uçuş saatını gözləyirəm. Məmməd müəllimə zəng edirəm, açmır…
Vatsapdan yazıram: “Məmməd müəllim, bu festivala da tək gedirəm, ümid edirəm, gələn festivalda bərabər iştirak edək. İştirak edəcəyim festivalda sizin tanıdığınız bir çox şairlər dostlarımız iştirak edir. Sizin salamınızı çatdıracam. Geri dönüb, festival haqqında sizə də məlumat verəcəm. Tanrıya əmanət olun”.
***
Almatı şəhəri, Şimbulakda Kanatla Tanrı dağlarına yüksəlirik. Hava soyuqdur, buludlar dağın başını alır… Dilimin ucunda zümzümə edirəm:
Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Bir nurlu sahil var hələ sabahda
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var!
Tanrı dağının ən yüksək nöqtəsindəyik, yayın ortasında, avqust ayında qəfildən dəli bir dolu yağır səmadan… Çox fərqli və yaşanmamış bir havadır, dolunun əllərimin üzərinə düşəndə bıçaq kimi kəsdiyini hiss edirəm…
Dolu üzümə vurarkən, zümzüməni unuduram, hündür səslə oxuyuram:
“Yolundan döndərməz duman da, çən də,
Kiminsə sözünü deməyə gedir.
Yerin bu üzündən duyuq düşəndə
Yerin o üzünə köməyə gedir.
Kələfin ucunu axtar özündə,
Hazır ol qəfildən gələn qəmə də.
Ağ atlı oğlan var bu yer üzündə,
Çıxar qabağına hər məhkəmədə…”
***
Dağın başında şimşək səsi ilə dolunun səsi qarışıb bir-birinə, sanki qiyamət qopacaq…
Bir şeylər hiss edə bilirəm, qəribə… Bəzi sözlər gəlir içimdən…
– Tanrı bizi bağışladı bu müəqəddəs yerində, Tanrı etdiklərimizi qutladı, Məmməd müəllim. Bağışladı bizi, şeirlərimizi…
Dağın zirvəsindən ətəyə geri dönürük, təpədən dırnağa su içindəyəm, üşüyürəm… Məmməd müəllimə zəng edirəm deyim ki, adını səslədim Tanrı dağında…
Məmməd müəllim oğlunun zəngini açmır…